Bakı-APA. Parisdə futbol xuliqanlarının təşkil etdikləri iğtişaşlar 30 nəfərin xəsarət alması ilə nəticələnib.
APA-nın məlumatına görə, bazar ertəsi «Lion» üzərində qələbədən sonra «Pari Sen-Jermen» klubu üçüncü dəfə Fransa çempionu olub. Yerli vaxtla saat 19.30-da (Bakı vaxtı ilə 22.30-da) Trokadero meydanında çempionlara mükafatların təqdimetmə mərasimi keçirilib. Lakin bayram iğtişaşa çevrilib. Minlərlə futbol fanatı ətrafa yandırıcı maddələr atmağa başlayıblar. Nəticədə futbolçular meydanda 5 dəqiqədən çox qala bilməyiblər. Daha sonra isə fanatlar polisə hücum ediblər. Daş, dəmir və şüşəylə hücum edən xuliqanlara polis gözyaşardıcı qaz və rezin güllələrlə cavab verib. Fanatlar meydandan çıxarılıblar, lakin onlar heyiflərini dükan və küçədəki maşınlardan çıxmağa başlayıblar. Bir neçə avtomobil yandırılıb. Daha sonra şəhərin müxtəlif yerlərində lokal qarşıdurmalar baş verib.