Bakı – APA. “Ukrayna əvvəl “narıncı inqilabın” verdiyi şansdan istifadə etmədi, indi isə növbəti imkanı əldən verir”.
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Vilnüsdə, “Şərq Tərəfdaşlığı” vətəndaş cəmiyyətinin plenar iclasında Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib.
Qeyd edək ki, Polşa və İsveç 8 may 2009-cu ildə start götürmüş “Şərq Tərəfdaşlığı” proqramının təşəbbüskarı olublar.
Nazirin sözlərinə görə, 2004-cü ilin “narıncı inqilab”ından sonra olduğu kimi, Ukrayna yenə də Avropa Birliyi ilə yaxınlaşma imkanını itirir. “Biz Yanukoviçi Ukraynanın demokratik seçkilərlə seçilmiş prezidenti kimi tanıyırıq. Lakin onun etdiyi son hərəkətlər qəbul olunmazdı. Biz bu cür oyunlar oynamırıq”, - deyə R.Sikorski bildirib.
Ötən həftə Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ razılaşmanın imzalanmasına hazırlığı dayandırıb. Razılaşma 28-29 noyabrda Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində qüvvəyə minməli idi. Ukraynanın Nazirlər Kabineti qərarını özünün əsas tərəfdaşları - Rusiya və MDB ölkələri ilə əmtəə dövriyyəsinin gözəçarpan dərəcədə azalması, iqtisadiyyatda mürəkkəb vəziyyət və assosiativ razılaşmanın gətirəcəyi mümkün problemlərlə izah edir.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” layihəsi Avropa Birliyinin postsovet məkanının altı dövləti ilə (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Belarus) siyasi və iqtisadi cəhətdən yaxınlaşmasını nəzərdə tutur.