“Türkiyə və Gürcüstan təhlükəsizliyə qarşı yönəlmiş bütün təhdidlərə qarşı birgə fəaliyyət göstərir”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, Türkiyədə terrorçuluq fəaliyyətində şübhəli bilinən şəxslərin siyahısında 55 min nəfərin adı var. “Biz bütün dövlətlərə müraciət edərək onların şübhəli bildiyi şəxslərin adlarını Türkiyəyə təqdim etmələrini xahiş etdik. 2014-ci ildən sonra dövlətlər terrorçuların adlarını təqdim etməyə başladı”.
Türkiyəli diplomat Gürcüstanda zərərsizləşdirilmiş terrorçu Əhməd Çatayevlə bağlı məsələni də şərh edib: “Bildiyim qədər Əhməd Çatayevin 3 Avropa ölkəsində qaçqın statusu olub. Onun Türkiyədən Gürcüstana necə keçməsi iki ölkənin təhlükəsizlik xidmətlərinin səlahiyyətlərinə daxil olan məsələdir”.