Bakı-APA. İngiltərə və Uelsdə polyak dilindən danışanlar ingilisdillilərdən sonra ikinci yerdədirlər. Bu barədə Böyük Britaniyada keçirilmiş əhalinin siyahıya alınmasının nəticələrinə əsasən demək olar.
Milli statistika xidmətinin məlumatına görə, yarım milyondan artıq insan polyak dilinin onlar üçün əsas dil olduğunu bildiriblər. Ekspertlər bunu Şərqi Avropa ölkələrindən Böyük Britaniyaya olan mühacirət dalğası ilə əlaqələndirirlər. Son 10 il ərzində bu ölkələrdən Böyük Britaniyaya 1 milyonadək mühacir gedib.
Rəyi soruşulanların 8%-i ingilis dilinin onlar üçün əsas dil olmadığını bildiriblər. Londonda bu rəqəm 22% olub. 140 minə yaxın insan ümumiyyətlə ingilis dilini bilmədiklərini etiraf ediblər.