Tbilisidə Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən rəsmi qəbul keçirilib.
APA-nın yerli bürosunun məlumatına əsasən, tədbirdə Gürcüstan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbriki oxuyub.
Səfirin sözlərinə görə, Türkiyənin üzləşdiyi bir sıra risk və hücumlara baxmayaraq, ölkə bu gün sabitlik adasıdır. Gürcüstan-Türkiyə münasibətlərinə toxunan diplomat deyib ki, bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: "Türkiyə Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır. Qarşıdakı illərdə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var".
Sonra çıxış edən Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze də iki ölkə arasında nümunəvi qonşuluq münasibətlərindən danışıb. "Ərazi bütövlüyümüzü dəstəklədiyinə görə Türkiyəyə təşəkkür edirik. Türkiyə həmçinin Gürcüstanın Avroatlantika inteqrasiyasını dəstəkləyən ölkələrdəndir və Gürcüstan bunu çox yüksək qiymətləndirir".
Mərasimdə Gürcüstanda akkreditə olunmuş diplomatik korpus, beynəlxalq təşkilatların təmsilçiləri, iş adamları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.