Qətərin Ras-Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı müəssisəsində partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, partlayışa texniki nasazlıq səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb və insanların təhlükəsizliyinə təhdid yaradan hər hansı sızma qeydə alınmayıb.
Nazirlik bildirib ki, hazırda hadisə yerində mülki müdafiə qüvvələri fəaliyyət göstərir. Şahidlərin sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Qeyd edək ki, Ras-Laffan Qətərin şimal sahillərində yerləşən və dünyada ən böyük mayeləşdirilmiş təbii qaz istehsal mərkəzi hesab olunan sənaye klasteridir.
Kompleks dövlətə məxsus "QatarEnergy" şirkətinin idarəçiliyindədir.