Tiflis. Nizami Məmmədzadə-APA. Aprelin 30-da Tiflisdə Gürcüstan Sosial İşçilər Assosiasiyasının (GSİA) 10 illiyinə həsr olunan "Sosial iş peşəsinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri GSİA-nın direktoru İya Şekriladze açıb. Sonra Gürcüstan səhiyyə nazirinin müavini Zaza Sopromadze, Gürcüstanın cəzaçəkmə və probasiya nazirinin müavini Kaxi Kaxişvili, baş nazirin gender və bərabərlik məsələləri üzrə müavini Sofo Caparidze, Avropa sosial işçilər assosiasiyasının prezidenti Kristina Martins, Azərbaycan Sosial İş Birliyinin sədri Gülnarə Pənahova və başqaları çıxış edərək sosial iş birliklərinə aid layihələrin yerinə yetirilməsi və Cənubi Qafqazda sosial işin gücləndirilməsi, təkmilləşdirilməsi, inkişafı barədə, həmçinin regionda sosial iş sahəsində uğurlar və problemlər haqqında söhbət açıblar.
Konfransda Gürcüstan hökumətinin üzvləri, Cənubi Qafqaz ölkələrindən gələn nümayəndə heyətləri, beynəlxalq təşkilatların rəhbərləri və digər rəsmilər, QHT təşkilatları iştirak ediblər.
Konfransın sonunda Azərbaycan sosial iş birliyi və GSİA arasında hər iki ölkədə sosial sahədə həyata keçiriləcək birgə tədbirlər haqqında ikitərəfli memorandum imzalanıb. Sənədi Azərbaycan Sosial İş Birliyinin sədri Gülnarə Pənahova və GSİA direktoru İya Şekriladze imzalayıb.
Tədbirdə həmçinin Gürcüstan ilə Ermənistan nümayəndəlikləri arasında da memorandum imzalanıb.