APA-nın Gürcüstan bürosunun məlumatına görə, Türkiyənin Gürcüstandakı səfirliyinin və Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə hazırlanan sərgi “Savaşdan barışa uzanan yol” adlandırılıb. Sərgi İstanbul Dövlət Arxivinin materialları, foto şəkilləri əsasında təşkil olunub.
Sərgidə çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Zeki Levend Gümrükçü Çanaqqala zəfərindən söhbət açaraq savaşdan 100 il keçməsinə baxmayaraq hələ də Türk xalqı tərəfindən şəhidlərin ehtiramla xatırlandığını və onların xatirələrinin şərəflə əziz tutulduğunu bildirib. Sonra diplomat Çanaqqala savaşının tarixi əhəmiyyəti olduğunu və bu müharibədə türk əsgərinin qəhrəmanlığını xatırladıb.
Sərgiyə baxışda Gürcüstanın dövlət və hökumət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri, Gürcüstan parlamentinin üzvləri, Gürcüstanda akkreditə olunan diplomatik korpus nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri, həmçinin Tiflis şəhərinin sakinləri iştirak ediblər.