Oktyabrın 28-də Tiflisdə Türkiyənin milli bayramı olan Respublika günü münasibətilə tədbir keçirilib. Bayram tədbirində iştirak edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili əlamətdar gün münasibətilə Türk xalqını təbrik edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərasimində çıxış edən G. Kvirikaşvili Respublika Günü münasibətilə qonşu Türk xalqına sülh və firavanlıq arzulayıb.
G. Kvirikaşvili çıxışında iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndiyini və Türkiyənin strateji tərəfdaş olduğunu qeyd edib: "Türkiyə və Gürcüstanın müstəqillik əldə etdiyi vaxtdan ölkələrimiz arasında xüsusi əlaqələr yaradılıb. Türk dövlət quruculuğunun dinamik inkişaf etdiyini qeyd etmək istəyirəm. Ölkələrimiz arasında xüsusi dostluq və əlamətdar tərəfdaşlıq əlaqələri var", deyə baş nazir bildirib.
Kvirikaşvili Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq olduğunu vurğulayıb , bu əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib. Baş nazir regionda baş verən çətinliklərə baxmayaraq, investisiya əlaqələrinin, insanlar arasında ünsiyyətin, iqtisadiyyat və ticarət əlaqələrinin, mədəni münasibətlərin və turizm əlaqələrinin getdikcə artdığını qeyd edib.
Milli Bayram tədbirində çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Levent Gümrükçü çıxışında 2016-ci ilin Türkiyə üçün çətin bir il olduğunu bildirib. Səfir Gürcüstanın baş nazirinə Respublika Günü milli bayramına qatıldığı üçün Türk xalqı adından təşəkkür edib.
Qeyd edək ki, Türkiyənin Gürcüstandakı səfirliyinin Respublika Günü münasibətilə təşkil etdiyi qəbulda Gürcüstanın hökumət və parlament üzvləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edib.