24 aprel - “erməni soyqırımı” günü deyil.
APA-nın məlumatına görə, bu sözləri Kayseridəki Ərciyəs universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı deyib.
Türk Ədəbiyyatı Vəqfinin İstanbuldakı mərkəzində “1915-ci il hadisələrinin əsasında və sənədlərlə erməni məsələsinin daxili üzü” mövzusunda məruzə edən professor Anadolu torpaqlarında, İranda və Qafqazda “erməni məsələsi”nin meydana çıxdığı dövr və məsələnin mahiyyəti barədə ətraflı məlumat verib. Tiflisdə təşkilatlanan erməni quldur dəstələrinin Birinci dünya müharibəsi başlayan kimi Anadolu torpaqlarında separatçı və işğalçı hərəkətlərə başladığına diqqəti cəlb edən professor Çaxmaqlı müharibə şəraitində olan Osmanlı imperiyasının erməni işğalçılığına və separatçılığına qarşı lazımi tədbirləri görmək məcburiyyətində qaldığını vurğulayıb.
“24 aprel - “erməni soyqırımı” günü deyil, daxili işlər nazirliyinin qəbul etdiyi qərarla o gün erməni separatçı və işğalçı təşkilatları bağlanaraq 234 lider həbs edilib. Osmanlı coğrafiyasında o vaxtlar 1,2 milyon erməni yaşadığı halda indi 1,5 milyon erməninin qətlə yetirilməsindən dəm vururlar. Arxiv sənədlərinin hamısı bu saxtakarlıqları asanlıqla ifşa edir”- deyə çıxışına davam edən professor Çaxmaqlı Türkiyəyə qarşı yönəldilən qondarma “soyqırımı” iddialarının həmişə davam edəcəyini bildirib.
Professor Çaxmaqlı Türkiyədən haqsız tələbləri olan ermənilərin xaricdə qurduqları saxta “parlamentlər və sürgün hökumətləri” barədə də geniş məlumatlar açıqlayıb. Ermənilərin separatçı və işğalçı əməllərinin son örnəyi olan Qarabağ məsələsi barədə də dinləyicilərə ətraflı məlumat verən professor Q. Çaxmaqlı işğalın qeydsiz-şərtsiz və sülh yolu ilə aradan qaldırılması üçün Azərbaycanın atdığı bütün xoş niyyətli addımlara rəğmən, problemin sülh yolu ilə həll edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.
Məruzəsi başa çatandan sonra suallara cavab verən professor Qafar Çaxmaqlıya Türk Ədəbiyyatı Vəqfinin təşəkkür məktubu təqdim edilib.