Bakı-APA. Türkiyə Norveçdə 130 milyon dollara əldə etdiyi “Barbaros Hayrəddin Paşa” seysmik kəşfiyyat gəmisini İstanbulda ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan təntənəli mərasimdə istismara verib. APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin əldə etdiyi seysmik kəşfiyyat gəmisi həmçinin neft və qaz yataqlarının kəşfiyyatı məqsədi ilə iki və üçölçülü formatda tədqiqatlar aparmağa imkan verəcək. Türkiyə seysmik kəşfiyyat gəmisini özü istehsal etmək planlaşdırırdı, lakin istehsal müddəti qane etmədiyindən (2014-cü ilin sonunadək), gəmini almaq qərarına gəlib.
“Biz bu ən yeni texnologiya ilə təchiz olunmuş bu gəmi vasitəsilə tədqiqatlar aparacağıq. Bir müddət sonra biz ikinci belə gəmini istifadəyə verəcəyik”, deyə baş nazir gəminin istifadəyə verilməsi mərasimində qeyd edib.
Keçən həftə Türkiyə istehsalı olan “TUBITAK Marmara” ilk elmi-tədqiqat gəmisini suya buraxıb. Bu gəmi də sualtı okeanoqrafik, seysmik tədqiqatlar həyata keçirəcək və neft yataqlarının axtarışı ilə məşğul olacaq.
Qeyd edək ki, Kipr adanın yaxınlığında şelfin işlənməsinə başladıqdan sonra Türkiyə Şimali Kipr Türk Respublikası ilə birlikdə Kipr adasının şimal hissəsində neft və qaz yataqlarının kəşfiyyatına başlayıb.