İstanbul. Mayis Əlizadə - APA. “Özgəcan Aslanın vəhşicəsinə qətlə yetirilməsi Türkiyədəki zehniyyət dəyişikliyinin örnəyidir. Əslində bizdə qadına və kişiyə bərabər hüquqlar verilib, o hüquqların daha da genişlənməsi üçün mübarizə aparırıq. Bu cinayətlərin qarşısını almaq üçün qadınlara cəmiyyətdə daha çox haqq vermək lazımdır. Qadının cəmiyyətin bütün sahələrində daha fəal olmasını, kişilər qədər əməkhaqqı almalarını, bütün haqlardan bərabər istifadə etmələrini istəyirik. Onlara bir çox sosial haqlar verilməsi üçün mübarizə aparırıq”.
Bunu APA-ya açıqlamasında Türkiyədə qadın hüquqlarının müdafiəçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara millət vəkili Aylin Nazlıaka deyib.
Millət vəkili qeyd edib ki, Türkiyədə qadınlara 3 uşaq doğmaqla bağlı tövsiyə verilir: "Ancaq iş qadınlara doğumdan əvvəl və sonra məzuniyyət verməyə gələndə bu haqlar tanınmır. Bunun qarşısını almaq üçün bütün gücümüzlə mübarizə aparacağıq".
A. Nazlıaka Türkiyədəki bəzi media quruluşlarının da qadın haqları ilə bağlı mövqeyini tənqid edib: “Şəxsən mən iki yazar barədə məhkəməyə şikayət ərizəsi vermişəm və prosesi yaxından izləyirəm. Başqa həmkarlarımız da bu sahədə hüquqi mübarizə aparırlar. Qadına kölə kimi yanaşan, qadın-kişi bərabərliyini qəbul etməyən zehniyyətə qarşı bütün sahələrdə yorulub-usanmadan mübarizə aparmalıyıq”.
Millət vəkili deyib ki, onlar qadın cinayətləri ilə bağlı hökmlərin bəzi hallarda ədalətli olmamasına qarşı da mübarizə aparırlar: “Təsəvvür edin ki, bir qadın öldürən qatil məhkəməyə kostyum geyib qalstuk taxaraq gəldiyinə görə, çox danışmadığına görə, hakim onun cəzasını “özünü yaxşı apardığına görə” yarıbayarı azaldır. Mübarizəni bütün sahələrdə, həm də total şəkildə aparmalıyıq”.