Bakı-APA. Yunanıstan hakimiyyəti Suriya səfirini və iki diplomatını ölkədən çıxarıb: bundan sonra Afinadakı diplomatik nümayəndəlik yalnız konsul xidmətləri göstərəcək.
“Biz ümid edirik ki, Suriyada nəhayət, məntiq döyüşən tərəflər üzərində qələbə qazanacaq və bu dost ölkədə vəziyyət normallaşacaq”, - deyə Yunanıstan XİN-nin bəyanatında bildirilir.
Bəyanatda Yunanıstanın 5 ay əvvəl bağlanmış Dəməşqdəki səfirliyinin “şəraitin ikitərəfli əlaqələrin hərtərəfli inkişafına zəmin yaradacağı halda tam açılmasına ümid” ifadə olunub.
Qeyd edək ki, ABŞ Suriya Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasını Suriyanın qanuni hakimiyyəti qismində tanıyıb.
Bundan əvvəl Fransa XİN-nin rəhbəri Loran Fabius bəyan edib ki, artıq 100-dən çox ölkə Suriya Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasını Suriya xalqının vahid qanuni təmsilçisi kimi tanıyıb.
Bundan əlavə, Şimali Avropanın 8 ölkəsi adından Estoniya Suriya müxalifətinin tanınmasını nəzərdə tutan bəyanatla çıxış edib.