Bakı-APA. Yunanıstan paytaxtının Koridallos rayonunda yerləşən ölkənin ən böyük və daha ciddi qorunan həbsxanasında silah anbarı aşkar edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, plandankənar yoxlama zamanı həbsxanadakı kameraların birində tapança, xeyli sayda güllələr və qumbaralar aşkarlanıb.
Qeyd edək ki, fevralın 24-də təhlükəli cinayətkar Panayotis Vlastosun Trikala şəhərindəki həbsxanadan helikopterlə qaçmaq cəhdindən sonra ölkədəki həbsxanaların hamısında gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq olunur. İnsident zamanı P.Vlastosun kamera yoldaşları ilə həbsxana keşikçiləri arasında baş vermiş atışmada 500-dək güllə buraxılmışdı. Vlastosun özü isə kəndir nərdivandan hündürlükdən yerə çırpılaraq ağır yaralanmışdır. Cinayət üzrə Vlastosun iki kamera yoldaşı həbs olunub.