Monteneqronun yeni Prezidenti seçilən Yakov Milatoviç paytaxt Podqoritsada keçirilən andiçmə mərasimi ilə vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
APA xəbər verir ki, Y.Milatoviç parlamentindəki çıxışında bütün Monteneqro vətəndaşlarının prezidenti olacağını, vəzifəsini məsuliyyətlə və ədalətlə yerinə yetirəcəyini bildirib.
Andiçmə mərasimində region ölkələrinin dövlət və hökumət başçıları, eləcə də müxtəlif ölkələrin Balkan regionu üzrə xüsusi nümayəndələri də olmaqla 200 nəfər iştirak edib.
Xatırladaq ki, Monteneqroda aprelin 2-də keçirilən seçkilərin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının sədr müavini 37 yaşlı Yakov Milatoviç seçicilərin 58,88 faizinin səsini toplayaraq ölkənin səkkizinci prezidenti seçilib. Monteneqroda prezidentin səlahiyyət müddəti 5 ildir.