Növbəti “Novruz mühazirəsi” keçirilib

Növbəti “Novruz mühazirəsi” keçirilib
# 12 mart 2019 19:26 (UTC +04:00)

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhəri 2 nömrəli tam orta məktəbdə “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti “Novruz mühazirəsi” keçirilib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan ONA-ya verilən məlumata görə, tədbirdə Nazirliyin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, seminariyanın məzunları, rayonun pedaqoji ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə mühazirə iştirakçıları 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ağac əkiblər.

Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev Qazax Müəllimlər Seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti olduğunu vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, seminariya Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olub.

Sonra akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub.

O bildirib ki, Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb.

Mühazirə iştirakçıları seminariyanın ilk binası ilə tanış olublar.

Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR