Vaşinqtonda 28 May Azərbaycanın Milli Günü elan edilib

Vaşinqtonda 28 May Azərbaycanın Milli Günü elan edilib
  • Clock-gray 11:48
  • calendar-gray 31 May 2020

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ilə əlaqədar bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Bəyannamədə bildirilib ki, 1918-ci il mayın 28-də müsəlman aləmində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub.

AXC hakimiyyəti zamanı qadınlara seçki və bərabərlik hüquqlarının təmin edildiyi və bütün vətəndaşlara irqindən, cinsindən, etnik mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq bərabər hüquqların tanındığı qeyd olunub.

Azərbaycanın 1920-ci ildə sovet birliyinə daxil edildiyi və sonra yenidən 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyinə diqqət cəlb edilib. Azərbaycanın öz müstəqilliyini möhkəmləndirərək ABŞ-ın etibarlı müttəfiqi və strateji tərəfdaşına çevrildiyi virğulanıb.

Dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Respublika Günü olaraq qeyd edildiyini xatırladan mer Bauzer Vaşinqton şəhərində də həmin tarixi Azərbaycanın Milli Günü elan etdiyini bəyan edib.

Qeyd edək ki, Vaşinqton merinin hər il 28 may tarixi ərəfəsində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib.

 

Əsmər Qabil

Digər xəbərlər