Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı yanvarda 2,3% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı yanvarda 2,3% artıb
# 17 fevral 2021 19:00 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 341,9 mln. manat təşkil edib ki, onun da 325,5 mln. manatı heyvandarlıq, 16,4 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,1%, bitkiçilik məhsulları üzrə 6,8% artıb.

“Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 mln. ədəd yumurta istehsal edilib ki, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,5% artıb, yumurta istehsalı isə 4,6% azalıb”, - hesabatda deyilir.

2021-ci il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 13,7 min baş iribuynuzlu mal-qara, 22,1 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 3,5 min baş iribuynuzlu mal-qara, 11,6 min baş qoyun və keçi satıblar.

Xatırladaq ki, aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsini və itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə 2020-ci il ərzində “Aqroservis” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 52,3 mln. manat dəyərində kənd təsərrüfatı texnikası satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR