Azərbaycanda ötən il 5,8 min tona yaxın bal əldə olunub

Azərbaycanda ötən il 5,8 min tona yaxın bal əldə olunub
# 10 mart 2020 12:24 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda 31 041 təsərrüfatda mövcud olan 542,8 min arı ailəsindən 5 781,3 ton bal, 156,1 ton mum, 15,8 ton vərəmum, 14,1 ton güləm və 609,7 kq arı südü əldə olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin dərc etdiyi rəqəmlər əsasında apardığı hesablamalarına görə, ötən illə müqayisədə bal istehsalı 15,8%, mum istehsalı 58,3%, vərəmum istehsalı 60%, güləm istehsalı 83,1%, arı südü istehsalı isə 52,1% artıb.

Komitənin məlumatına əsasən, 2019-cu ildə balın 1 kiloqramının orta satış qiyməti 25,1 manat, mumun – 13 manat, vərəmumun – 129,5 manat, güləmin – 77,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,1 manat təşkil edib. Əvvəlki illə müqayisədə balın 1 kiloqramının orta satış qiyməti 4,5 manat, vərəmumun – 11,1 manat, güləmin – 6,6 manat artıb, mumun qiyməti 1,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 0,5 manat azalıb.

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilməsi, ölkədə arıçılığın inkişafına müsbət təsirini göstərib. Belə ki, 2017-ci illə müqayisədə 2019-cu ildə arı ailələrinin sayı 271,1 min, bal istehsalı isə 2 738,2 ton artıb.

"Arıçılıq haqqında" Qanununun qəbul edildiyi dövrdən sonrakı 11 ildə bal istehsalı 4,1 dəfə, arı ailələrinin sayı 3,8 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 17,5-dək artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR