Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni sistem istifadəyə verilib

Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni sistem istifadəyə verilib
# 05 sentyabr 2019 14:11 (UTC +04:00)

Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni AzALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) istifadəyə verilib.

"APA-Economics"in məlumatına görə, sistem Agentlik üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.

Yeni alət aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.

Sistemin təqdimat mərasimində çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev bildirib ki, kredit təşkilatlarında, xüsusilə rayon filiallarında kreditlərin qiymətləndirilməsi üzrə kifayət qədər təcrübəli mütəxəssislərin olmadığı səbəbindən bu qurumlar riski üzərinə götürmək istəmir.

"Buna görə də ya fermerlərin aqrar kredit müraciətləri rədd edilir, ya qiymətləndirmə prosesi uzun sürərək, fermerin işini yubadır, ya da kreditin məbləğindən qat-qat artıq dəyərə malik daşınmaz əmlak girov tələb olunur. Bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının uzunmüddətli, etibarlı və sərfəli maliyyəyə çıxışına maneə yaradır. AzALES banklara riskləri daha yaxşı qiymətləndirməyə və kredit müraciətlərinə sürətlə baxmağa imkan verəcək”, - deyə M. Əliyev qeyd edib.

Sistem fermerlərin maliyyəyə çıxışını asanlaşdırdığı kimi, kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri doğru qiymətləndirmək və yüksək müştəri xidmətləri imkanı verəcək.

Yeni sistem Aqrar Kredit və İnkişaf Agentliyinə müvəkkil kredit təşkilatlarının kredit müraciət edənləri ilə işləməsinə nəzarət mexanizmi də təqdim edir.

M. Əliyevin sözlərinə görə, Agentlik fermerlərə kredit təşkilatlarının imtina səbəblərini izləmək imkanı yaradacaq: "Belə ki, AzALES Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mərkəzləşdirilmiş qaydada idarə ediləcək və ölkənin bütün maliyyə sektoru üçün əlçatan olacaq”.

M. Əliyev əlavə edib ki, belə bir alətin hazırlanmasına təxminən 200 min dollar məbləğində vəsait tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR