Azərbaycanda "Şəhərdən Kəndə" layihəsinə start verilib

Azərbaycanda "Şəhərdən Kəndə" layihəsinə start verilib
# 04 iyun 2019 10:04 (UTC +04:00)

“Azərbaycanda Dövlət Aqrar Ticarət Şirkəti” MMC tərəfindən keçiriləcək və ölkədə aqroekoturizmin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə, layihə Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə icra olunacaq.

Layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması, alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır.

Layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək. Belə ki, fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq, bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq, əlavə gəlir mənbəyi yaranacaq və gəlirləri artacaq.

“Şəhərdən Kəndə” layihəsinin iştirakçısı olan həm yerli, həm də əcnəbi turistlər isə maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı əldə edəcəklər.

Bütövlükdə layihənin icrası aqrar sahibkarlığın, bütövlükdə kənd təsərrüfatının daha da inkişafına, turizm potensialının güclənməsinə, kənd yerlərində yeni xidmət sahələrinin yaranmasına, əhalinin sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək. Həyata keçiriləcək ekoloji və aqrar maarifləndirmə sayəsində əhalinin iri şəhərlərə axınının qarşısının alınmasına və insanların torpağa bağlılığının artırılmasına nail olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR