Bu il Azərbaycanda 553,88 ton yaş barama təhvil verilib

Bu il Azərbaycanda 553,88 ton yaş barama təhvil verilib
# 17 iyun 2019 11:35 (UTC +04:00)

“16 iyun tarixinədək kümçülər tərəfindən 553,88 ton yaş barama təhvil verilib. Bu, 2018-ci ilin ümumi göstəricisindən 40 ton çoxdur”.

APA-ya bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən il ölkə üzrə 513,9 ton barama tədarük olunub. Bu il ən çox barama təhvil verən Zərdab (64,7 ton), Zaqatala (51 ton), Füzuli (49,71 ton), Balakən (37,84 ton) və Şəki (37,3 ton) kümçüləridir. Respublikanın 38 rayonunda yaş barama tədarükü davam edir.

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR