Ərzaq mallarının ölkədən aparılmasının tənzimlənməsi müddəti daha 1 il uzadılıb

Ərzaq mallarının ölkədən aparılmasının tənzimlənməsi müddəti daha  1 il uzadılıb
# 29 dekabr 2022 12:08 (UTC +04:00)

Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlərə dəyişiklik edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Nazirlər Kabinetinin izahında bildirilib ki, qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanıb.

Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır.

Qərarın qüvvədə olma müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb. Əvvəl bu, 2022-ci il dekabrın 31-dək olan dövrü nəzərdə tuturdu. Eyni zamanda qərara görə, Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı dəyişib.

Qərara əsasən, milk shake və sundae, pambıq yağı, digər başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, qranullaşdırılmış və ya qranullaşdırılmamış heyvan yemi üçün istifadə edilən bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları və əlavə məhsullar, pərakəndə satış üçün qablaşdırılmış it və ya pişik yemlərinin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısından çıxarılıb.

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü (08-ci qrupdakı məhsullardan narın və qaba üyüdülmüş un və toz, qarğıdalı nişastası istisna olmaqla) yeni redaksiyada təqdim edilib. İndiyə qədər sadəcə Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özünün gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənirdi.
Həmçinin, qərara əsasən, xırdalanmış və ya xırdalanmamış soya paxlaları; xırdalanmış və ya xırdalanmamış günəbaxan toxumları; toxumluq və digər pambıq toxumları; xardal toxumlarından başqa, yağlı bitkilərin toxumlarından və ya barlarından narın və qaba üyüdülmüş un; əkin üçün şəkər çuğunduru toxumları; qarayonca toxumları; üçyarpaq yonca toxumları; tərəvəz bitkilərinin toxumları; digər bitkilərin toxumları; emal olunmamış, xırdalanmış və ya xırdalanmamış, üyüdülmüş və ya üyüdülməmiş, preslənmiş və ya qranullar şəklində taxıl samanı və küləşi; qranullaşdırılmış və ya qranullaşdırılmamış şalğam, pazı (yarpaq çuğunduru, manqold), yem meyvəköklüləri, ot, qara- yonca, yonca, qəpikotu, yem kələmi, acıpaxla və ya lupin, lərgə və analoji yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.

İndiyə qədər yağlı toxumlar və bar, digər toxumlar, bar və dən, dərman bitkiləri və texniki bitkilər, saman və yemin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR