AKİA bu il fermerlərə 11 mln. manat məbləğində güzəştli kredit verib

AKİA bu il fermerlərə 11 mln. manat məbləğində güzəştli kredit verib
# 25 iyun 2019 15:53 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycanda fermerlərə 11 mln. manat nağd güzəştli kredit verilib. Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

O bildirib ki, iyun ayının 1-dək ölkədə cəmi texnika satış məbləği 51,8 mln. manat olub ki, bura həm 20% ilkin ödəniş, 40%-li güzəşt və 40%-li kredit daxildir: “İyun ayında da satışlar yaxşı olub, yəqin ki, ilin sonuna doğru satışlar daha da artacaq. Burda pivot suvarma sistemləri xüsusi çəki təşkil edəcək. Bildiyiniz kimi, şirkətlər suvarma sistemlərini əkin dövrü bitəndən sonra yerləşdirməyə başlayırlar. Bunu böyük şirkətlərlə aparırıq, təxmini hesablamalarımıza əsasən, gözləntimiz odur ki, bu il 6-7 min hektara yaxın ərazi pivot suvarması ilə təmin olunacaq. Burda əsasən Amerika istehsalı olan pivot suvarma sistemlərindən istifadə olunacaq. Təbii ki, bunun digər, yəni ölkədə istehsal olunan hissələri, bizə satış bazarında xüsusi canlanmanı müşahidə etməyə imkan göstərəcək”.

Agentliyin rəhbəri bu il fermerlərə verilmiş kreditlərə də toxunub: “İyunun əvvəlinədək fermerlərə 10 mln. manat məbləğində nağd güzəştli kredit vermişik, iyunun sonuna qədər əlavə olaraq 1 mln. manat kredit veriləcək”.

M. Əliyev ötən ilin əvvəllərində ölkədə olan banklardan təxminən 5-6-sı ilə əməkdaşlıq edildiyini deyib: “Bunların hamısı lisenziyası ləğv olunmuş banklar idi. Lakin hazırda Agentliklə demək olar ki, ölkədə fəaliyyət göstərən və Maliyyə Bazarlarına Nəzarət Palatasının prudensial normalarına cavab verən bütün banklar əməkdaşlıq edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR