Azərbaycan şirkəti ölkədə nərə balıqlarının artırılmasına 12 mln. manat yatıracaq

Azərbaycan şirkəti ölkədə nərə balıqlarının artırılmasına 12 mln. manat yatıracaq
# 03 iyul 2019 15:40 (UTC +04:00)

“Varvara Balıq” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Az Varvara” MMC “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Qalib şirkət müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 milyon manat investisiya yatıracaq. Həmçinin dövlət büdcəsinə 1,250 mln. manat məbləğində pul vəsaitinin köçürülməsini üzərinə götürüb.

Bu açıq səhmdar cəmiyyətinin yenidən qurulması bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır. Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.

Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda vəsait təmir-tikinti işləri və inzibati binanın restrukturizasiyasına, su təchizat sisteminin yeniləşdirilməsi, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək.

Müəssisəyə qoyulması nəzərdə tutulan investisiyaların bir il ərzində yatırılması, görüləcək işlər nəticəsində 150 yeni iş yerinin yaradılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR