Ankarada koronavirusun yayılmasına qarşı bəzi məhdudiyyətlərin tətbiqinə başlanılıb

Ankarada koronavirusun yayılmasına qarşı bəzi məhdudiyyətlərin tətbiqinə başlanılıb
# 17 avqust 2020 19:50 (UTC +04:00)

Türkiyənin paytaxtı Ankarada yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri olanların fəaliyyətlərinə bir sıra məhdudiyyətlər qoyulub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ankara Şəhər Pandemiya Qurumu məlumat açıqlayıb.

Bildirilib ki, bu gündən yaşı 65-i keçən və xroniki xəstəlikləri olanların toy, yas mərasimləri, bazar yerləri və insanların kütləvi toplandığı digər yerlərdə fəaliyyətləri məhdudlaşdırılacaq.

Bundan başqa yeni növ koronavirusa (COVID-19) yoluxanların yaşadığı yerlərdə karantinin tətbiq olunması aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılacaq. Çadır toylarının müddəti 2 saata endiriləcək, yemək süfrələrinin açılmasına qadağa qoyulacaq.

Bundan əlavə “Həyat Evə Sığar” (HES) kodunun tətbiqi qaydalarına ciddi əməl olunmasına riayət ediləcək.

Qeyd edək ki, Türkiyənin 13 vilayətində yaşı 65 yaşdan yuxarı olanların hər vilayət üzrə müxtəlif saatlarda küçəyə çıxmalarına qadağa qoyulub. Bəzi vilayətlərdə qələbəliklə keçirilən mərasimlərə yaşı 15-dək olanların da buraxılması qadağan edilib.

Həmçinin bəzi bölgələrdə toy, nişan, xınayaxdı, sünnət və dini mərasimlərin kütləvi şəkildə keçirilməsinə yeni məhdudiyyətlər tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR