Ankaradakı “15 Temmuz Şəhidləri və Demokratiya Muzeyi”ndən - REPORTAJ

Ankaradakı “15 Temmuz Şəhidləri və Demokratiya Muzeyi”ndən  - REPORTAJ
# 15 iyul 2020 12:15 (UTC +04:00)

Bu gün Türkiyədə dövlət çevrilişi cəhdindən 4 il ötür. 2016-cı ilin 15 iyul tarixində FETÖ terror təşkilatı dövlət çevrilişinə cəhd edən zamanı türk xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı.

Həmin vaxt baş verən hadisələri əbədiləşdirmək üçün Türkiyənin bir neçə bölgəsində meydanlara, parklara, körpülərə, metro stansiyalara “15 Temmuz” adı verilib, “15 Temmuz”la bağlı abidələr ucaldılıb.

“15 Temmuz dastanı”nı gələcək nəsillərə çatdırmaq üçün həm də muzeylər yaradılıb.

Hadisələrin cərəyan etdiyi paytaxtın Kazan rayonunda “15 Temmuz Şəhidləri və Demokratiya Muzeyi” ötən il fəaliyyətə başlayıb. Muzey Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərir.

Hadisələrin üzərindən yarım il ötdükdən sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə rayona Kahramankazan adı verilib.

Muzeydə 15 iyul hadisələri anbaan xatirələrə həkk edilib.

Kahramankazan Bələdiyyəsinin sədri Serhat Oğuz APA-nın yerli bürosuna bildirib ki, 15 iyul sadəcə bir düşmən hücumu, Türkiyədə yaşayan xəyanətkarların çevriliş cəhdi deyil, həm də xalqın əzmkarlığı, xalqla dövlətin vəhdəti günüdür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciətindən sonra aralarında qadın, uşaq, yaşlıların da olduğu 10 mindən çox kahramankazanlı bələdiyyə binasının qarşısına toplaşıb. Sonradan məlum olub ki, Kazanda yerləşən Akıncı 4-cü Əsas Hava Bazasının komandanı, general Hakan Evrim də xəyanətkarların arasındadır.

İnsanlar ilk olaraq hərbi baza komandanlığının Nizamiye girişini yük maşınları, traktorlarla bağlamağa çalışıblar. Kahramankazanlılar təyyarə və helikopterlərin havaya qalxmasının qarşısını almaq üçün avtomobillərin təkərlərini yandırmağa başlayıblar. Məqsəd havaya tüstü buraxmaqla uçuşa maneə yaratmaq olub. Yanğına qədər əgər 25 təyyarə və helikopter havaya qalxıbsa, yanğınlardan sonra havaya qalxan helikopterlərin sayı 3 olub.

Hərbi bazanın önündə yerli sakinlər müqavimət göstərib, etiraz səslərini ucaldıblar. Xalq əsgərlərlə dialoqa girərək onları bu təhlükəli yoldan geri döndərməyə çalışıb. Xəyanətkar hərbçilər isə xalqın fəryadını dinləmədən onları atəşə tutub.

Əhalinin bir qrupu isə hərbi bazaya gedən elektrik naqillərini kəsib.

Məlum hadisələrdən sonra “15 Temmuz Qazilər, Şəhid Ailələri Yardımlaşma və Həmrəylik Dərnəyi” də yaradılıb. Dərnəyin sədri Haydar Ünal bildirdi ki, hadisə zamanı özü 3 qəlpə yarası alıb. H. Ünalın oğlu da ayağından yaralanıb.

H. Ünal vurğulayıb ki, o hadisələrdə 74 yaşlı Mustafa Zorova fəal etirazçıların arasında olub və hərbi bazanın qarşısında ölümcül yaralanıb. M. Zorova indiyədək 45 dəfə əməliyyat keçirib, onun hələ də səhhətində ciddi problemlər qalmaqdadır.

Dərnəyin şəhid ailələri və qazilərdən ibarət 88 üzvü var. Dövlət tərəfindən həmin şəxslər işlə təmin olunublar, habelə onlar xüsusi imtiyazlardan da yararlanırlar.

Hərbi hava bazasının yaxınlıqda özünün hektarlarla otlaq sahəsini yandıraraq uçuşlara maneə olan məhəllə muxtarı Hicabi Bitkinin muzeydə tuncdan heykəli qoyulub.

3 600 kvadratmetrlik ərazidə yerləşən muzeydə Kahramankazanın şəhid və qaziləri haqqında məlumatlar, şəhidlərə məxsus özəl əşyalar, o gecə çəkilən şəkillərdən illüstrasiyalar sərgilənir.

Türkiyə Prezidentinin xalqa müraciəti, şəhidlər haqqında qısametrajlı filmlər, o gecə yaşananların audio-video görüntüləri, arxiv məlumatları, Kahramankazan əhalisinin xatirələri də muzeydə nümayiş olunur.

Onu da qeyd edək ki, Türkiyə Prezidenti iki dəfə muzeyi ziyarət edib.

H. Bitkin qeyd etdi ki, ölümü gözə alaraq nəvələri ilə birlikdə hərbi bazanın qarşısına gedərkən hərbçilərin bir leyləyi yaraladıqlarının şahidi olublar. Nəvələri yaralı leyləyə iki ay müddətində qulluq ediblər, daha sonra onu təbiətə buraxıblar: “Yanıb kül olan əkin sahələri yenidən yararlı hala düşdü. O vaxtdan bəri hər yaz leylək Kahramankazana gəlir. Bizi evimizdən, yerimizdən etmək istəyən o terrorçular isə bir də geri dönə bilməyəcəklər, çünki insanlıq simasını itirənlərin vətəni olmur”.

Türkiyədə 15 iyul dövlət çevrilişində 6 126 hərbçi iştirak edib, ümumilikdə indiyədək 200 minədək insan istintaqa cəlb olunub. Araşdırmalar, “FETÖ işi” ilə bağlı məhkəmələr isə hələ də davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR