Cavad Zərif mətbuata sızan səs yazısına aydınlıq gətirmək üçün parlamentə çağırılıb

Cavad Zərif mətbuata sızan səs yazısına aydınlıq gətirmək üçün parlamentə çağırılıb
# 28 aprel 2021 13:41 (UTC +04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin xarici siyasəti ilə bağlı mətbuata sızan səs yazısına aydınlıq gətirmək üçün parlamentə çağırılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Əbülfəzl Amuli bildirib.

O qeyd edib ki, nazirə səs yazısının yayılmasına aydınlıq gətirməsi üçün komitənin növbəti iclasına gəlmək təklif edilib.

İran Prezidenti Həsən Ruhani tərəfindən Kəşfiyyat Nazirliyinə Cavad Zərifin səs yazısını oğurlayanları müəyyənləşdirmək tapşırılıb.

Qeyd edək ki, bir müddət öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb.

Səs yazısında Zərifin SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani haqqında söylədiyi sərt ifadələr yer alıb. Belə ki, Zərif Süleymanini Rusiya ilə əməkdaşlığa gedərək, İranın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsini sürətləndirməkdə və bununla nüvə razılaşmasını pozmağa çalışmaqda ittiham edib.

Zərif, həmçinin Rusiyanın nüvə razılaşmasının uğur qazanmasına hər cür maneə yaratdığını deyib.

O, İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirib.

İran XİN sözçüsü Zərifin sözlərinin təhrif olunduğunu və səslərin redaktə olunaraq efirə verildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR