Cənubi Koreya sərt karantin rejiminin müddətini uzadıb

Cənubi Koreya sərt karantin rejiminin müddətini uzadıb
# 31 dekabr 2021 15:10 (UTC +04:00)


Cənubi Koreya yeni növ koronavirusla (COVİD-19) mübarizə çərçivəsində sərt karantin rejiminin müddətini daha iki həftə uzadıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Cənubi Koreya Səhiyyə Nazirliyi Omicron ştamı da daxil olmaqla, koronavirusun yayılması ilə bağlı belə bir qərar qəbul edildiyini açıqlayıb.
Bundan əvvəl sərt tədbirlərin müddəti 3 yanvara qədər dövrü əhatə edirdi, artıq bu müddət yanvarın 16-dək olacaq.
Əhalinin 90 faizindən çoxunun peyvənd olunduğu üçün gələn il fevralın sonunda məhdudiyyətlərin əksəriyyətini qaldırmağı planlaşdıran Cənubi Koreya hökuməti yoluxmaların yenidən sürətlə artması fonunda sərt tədbirlərə qayıtmalı olub.
Beləliklə, insanların şəxsi görüşlərdə 4 nəfərdən artıq toplaşması məhdudlaşdırılıb. İctimai müəssisələrin əksəriyyəti gecə saat 22.00-da, klub, bar və diskotekalar saat 21.00-da bağlanmalıdır. Sauna, bar, idman zalları, restoran və kafe, kinoteatr, kitabxana və muzeyə daxil olmaq üçün peyvənd sertifikatı, yaxud PCR testinin mənfi nəticəsi tələb olunur. Bu həftədən ticarət mərkəzlərinə də daxil olmaq üçün peyvənd sertifikatı tələb olunacaq.
İctimai tədbirlərə 50 nəfər toplaşa bilər, ancaq tədbirdə yalnız peyvənd olanlar iştirak edirsə, bu say həddi 299-a çata bilər. 300 nəfərdən çox insanın iştirak edəcəyi tədbirlə bağlı hökumətdən xüsusi icazə alınması tələb olunur.
Bununla bərabər, peyvənd olunub-olunmamasından asılı olmayaraq xaricdən ölkəyə gələnlər 10 gün karantində qalmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR