Türkiyə XİN: Nur-Sultanda suriyalı qaçqınların geri dönməsi müzakirə edilib

Türkiyə Xarici İşlər Nazirliyi

© APA | Türkiyə Xarici İşlər Nazirliyi

# 22 dekabr 2021 16:43 (UTC +04:00)

Nur-Sultanda suriyalı qaçqınların geri dönməsi məsələsi müzakirə edilib.

APA-nın Ankara bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyinin dekabrın 21-22-də Nur-Sultanda keçirilən Suriya üzrə Astana formatında yüksək səviyyəli on yeddinci iclası ilə bağlı açıqlamasında bu barədə qeyd edilib.

Bildirilib ki, Suriya ilə bağlı keçirilən növbəti iclasda iştirak edən tərəflər bu ölkənin siyasi birliyinə, ərazi bütövlüyünə sadiq olduqlarını bir daha bəyan ediblər, İdlib de-eskalasiya zonasında gərginliyin azaldılmasının vacibliyi vurğulanıb və yerlərdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün daha çox səy göstərməklə bağlı razılıq əldə olunub.

Həmçinin ölkə daxilində yerlərindən didərgin düşən köçkünlərin və siyasi qaçqınların geri dönməsinin təmin edilməsi, siyasi proseslərdəki son vəziyyət, humanitar yardımlar və terrorla mübarizə məsələləri də müzakirə edilib.

İştirakçılar Suriya Konstitusiya Komitəsinin yeddinci turunun ən qısa zamanda keçirilməsi üçün suriyalı tərəflərin bu mövzuya konstruktiv yanaşması ilə bağlı çağırış edib.

İclasda Astana formatı çərçivəsində yaradılmış “Zorla saxlanılmış/oğurlanmışv şəxslərin azad edilməsi, cənazələrinin dəyişdirilməsi və itkinlərin taleyinin müəyyənləşdirilməsi üzrə İşçi Qrupu” da bir araya gəlib. İşçi Qrup dekabrın 16-da nəzarətdə saxlanan bəzi şəxslərin qarşılıqlı azadlığa buraxılmasından məmnunluq ifadə edib, bu cür fəaliyyətin və əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, toplantıda Türkiyə, İran və Rusiya 2022-ci ilin fevral-mart aylarında Suriya məsələsi ilə bağlı Tehranda sammit keçirmək barədə razılıq əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR