Üç ölkə Şimali Koreyanın raket fəaliyyətinə dair məlumat mübadiləsi sistemi yaradır

Üç ölkə Şimali Koreyanın raket fəaliyyətinə dair məlumat mübadiləsi sistemi yaradır
# 04 iyun 2023 04:46 (UTC +04:00)

Yaponiya, Cənubi Koreya və ABŞ Şimali Koreyanın raket fəaliyyətinə dair operativ məlumat mübadiləsi sistemini ilin sonunadək işə salacaq.

Lent.az xəbər verir ki, bu barədə razılıq Sinqapurda Asiya Təhlükəsizlik Sammiti çərçivəsində üç ölkənin müdafiə nazirləri Yasukazu Hamada, Li Conq Sup və Lloyd Austinin birgə görüşündə əldə olunub. Görüşün yekununa dair birgə bəyanatda qeyd edilib ki, tərəflər yaxın aylarda sistemin işə düşməsi üçün səylərini artıracaqlar. “Şimali Koreyanın raket buraxılışının aşkarlanması və izlənilməsi barədə məlumatların real vaxt rejimində paylaşılmasını təmin edəcək sistem sülh, sabitlik və qabaqlayıcı fəaliyyət istiqamətində böyük addımdır”, - deyə bəyanatda bildirilib.

Bundan əlavə, nazirlər Şimali Koreyanın raket fəaliyyətinə qarşı qabaqlayıcı tədbirləri gücləndirmək üçün birgə təlimlər keçirməyi razılaşdırıblar.

Qeyd edək ki, üç ölkənin nazirlərinin Sinqapur görüşü KXDR-in uğursuzluqla nəticələnmiş hərbi kəşfiyyat peykinin orbitə çıxarılması cəhdindən sonraya təsadüf edir. Tokio, Seul və Vaşinqtonda ehtimal edirlər ki, Pxenyan kəşfiyyat peykinin orbitə çıxarılması üçün ballistik raket texnologiyasından istifadə edib. Bu da BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Pxenyan mayın 31-də “Malligyong-1” kəşfiyyat peykinin orbitə buraxılması cəhdinin uğursuz olduğunu etiraf edib. “Chollima-1” adlı daşıyıcı raket mühərrikdə olan nasazlıq səbəbindən Koreya yarımadasından qərbdə Sarı dənizə düşüb. KXDR lideri Kim Çen Inın bacısı Kim Yo-conq ölkəsinin yaxın zamanlarda hərbi kəşfiyyat peykinin orbitə çıxarılması üçün daha bir cəhd edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR