Azərbaycan millisinin ağırlıqqaldıranı 8 illik diskvalifikasiya olunub

Boyanka Kostova

© APA | Boyanka Kostova

# 30 sentyabr 2021 02:51 (UTC +04:00)

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova diskvalifikasiya olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) məlumat yayıb.

Bir müddət əvvəl müvəqqəti diskvalifikasiya edilən milliləşən legioner ağır cəza alıb. O, 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Boyanka 2029-cu il mayın 3-dək cəzalanıb. Buna səbəb milliləşən legionerin antidopinq qaydalarını açıq şəkildə pozmasıdır.

2021-ci il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında götürülən test müsbət nəticə verib. Yarışda 59 kq çəki dərəcəsində qızıl medal qazanan idmançının testi qeyri-qənaətbəxş sayılıb. Onun orqanizmində qadağan olunmuş stanozolol steroid metaboliti aşkarlanıb.

Bu, idmançının ikinci belə qayda pozuntusu olacaq. Bolqarıstanlı idmançı 2016-cı il iyunun 10-dan 2018-ci ilin eyni tarixinədək 2 illik diskvalifikasiya yaşayıb. Həmin vaxt buna deqidroxlormetil-testosteron səbəb olub.

Qeyd edək ki, Boyanka 2015-ci ildə dünya, 2012-ci, 2015-ci, 2016-cı və 2021-ci illərdə Avropa çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR