ABŞ təyyarə qəzası ilə bağlı Ukraynaya vacib məlumatlar təqdim edib

ABŞ təyyarə qəzası ilə bağlı Ukraynaya vacib məlumatlar təqdim edib
  • Clock-gray 15:35
  • calendar-gray 10 Yanvar 2020

Ukrayna Tehran yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumatlar alıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər naziri Vadim Pristayko "Twitter"də bildirib.

“Ukrayna Prezidenti Vladimir Zelenksi ABŞ-ın Ukraynadakı diplomatik nümayəndəliyinin rəhbəri, müvəqqəti işlər vəkili Kristina Kvin də daxil olmaqla ABŞ nümayəndələri ilə görüşüb. Biz mütəxəssislərimiz tərəfindən üzərində işlənəcək vacib məlumatlar aldıq. Prezident Zelenski ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında saat 15:00-da baş tutacaq telefon söhbətini gözləyirik”, - deyə Ukraynanın XİN başçısı qeyd edib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. İran tərəfi ilkin versiya kimi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini bildirsə də, ABŞ, Kanada və Böyük Britaniya rəsmiləri açıqlamalarında təyyarənin İran tərəfindən yanlışlıqla atılmış raketlə vurulduğunu iddia edirlər. Ukrayna Prezidenti Vladimir Zelenski də təyyarəyə raketin dəydiyinə dair versiyanın istisna olunmadığını, lakin bunun hələlik təsdiqlənmədiyini bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər