Aİ Şurası Prezidentinin şəxsi nümayəndəsi uğursuz danışıqlardan sonra Tbilisini tərk edib

Aİ Şurası Prezidentinin şəxsi nümayəndəsi uğursuz danışıqlardan sonra Tbilisini tərk edib
  • Clock-gray 09:57
  • calendar-gray 19 Mart 2021

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçi təyin etdiyi şəxsi nümayəndəsi Kristian Danielson Tbilisini tərk edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, isveçli diplomat ötən gün hakim partiya ilə müxalifət arasında 10 saata qədər sürən uğursuz danışıqlardan sonra Tbilisi Hava Limanından ölkəni tərk edib. K. Danielsonun əsas tapşırığı Aİ tərəfindən dəstəklənən siyasi dialoqa vasitəçilik etmək idi. O, Aİ səfirləri ilə birgə Gürcüstanda tərəflər arasında siyasi gərginliyin azaldılmasına çalışırdı.

Qeyd edək ki, K.Danielson ötən gün baş tutan danışıqlardan sonrakı açıqlamasında bildirib ki, Prezident Şarl Mişelin 6 maddəlik planının bəzi aspektrlərində müəyyən vacib inkişaf əldə edilisə də, digər məsələlərdə daha az proqresə nail olunub. 

“Nəticə etibarilə, bu siyasi böhrana həll tapılmasında Gürcüstanın siyasi liderləri məsuliyyət daşıyırlar. Bu ölkənin demokratik konsolidasiyası və Avropa hədəfləri üçün zəruridir”,- deyə K. Danielson qeyd edib. 

Danışıqlardan sonra hakim “Gürcü Arzusu” partiyasının sədri Irakli Kobaxidze qeyd edib ki, danışıqların pozulması müxalifətin yekun məqsədi olub. O, həbsdə olan siyasi liderlərin azad edilməsi ilə bağlı müxalifəti qayda-qanunlara uyğun gəlməyən “ultimatum dili” ilə danışmaqda ittiham edib. Qeyd edib ki, danışıqlarda iştirak edənlərin bir çoxu Kiyevdən sabiq prezident Mixeil Saakaşvili tərəfindən yönləndirilir.

Ölkənin ən böyük müxalif partiyası olan “Vahid Milli Hərəkat” isə hakim “Gürcü Arzusu”nun siyasi liderlərin azad edilməsi ilə bağlı tələbi, həmçinin növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edərək Avropa qapısını bir daha bağlamaqda ittiham edib.

Qeyd edək ki, fevralın 23-də  “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın partiyanın baş qərargahında həbs edilməsindən sonra Gürcüstanda hakimiyyətlə müxalif partiyalar arasında siyasi böhran pik həddə çatıb.

 

Səid Babazadə

Digər xəbərlər