Aİ Türkiyəyə qarşı sanksiya planını dondurub

Aİ Türkiyəyə qarşı sanksiya planını dondurub
# 18 mart 2021 17:31 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Türkiyəyə məxsus Türk Petrol Korporasiyasının yüksək vəzifəli rəsmilərinə qarşı sanksiya planlarını dondurub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə adının açıqlanmasını istəməyən Aİ diplomatları deyib.

“Türkiyəli rəsmilərin “qara siyahı”ya salınması üzərində işlər dayanıb və biz artıq iqtisadi sanksiyalardan danışmırıq”, - deyə diplomatlardan biri bildirib.

Digər diplomat isə qeyd edib ki, Aİ Türkiyə ilə problemlərin həllində diplomatik yoldan istifadə etməyi prioritet hesab edir.

Diplomatlar onu da bildiriblər ki, ABŞ-da Bayden administrasiyası da Brüsselə Türkiyəyə qarşı əlavə sanksiyaların tətbiqinin dayandırılması barədə xəbərdarlıq edib. Vurğulanıb ki, NATO müttəfiqi və Aİ-yə üzvlüyə namizəd ölkə olan Türkiyə güzəştə getməyə və əməkdaşlığa hazır görünür.

Xatırladaq ki, Aİ liderləri ötən ilin dekabrında Türkiyənin Aralıq dənizinin şərqindəki təbii qaz yataqlarında qazma fəaliyyətləri ilə bağlı müəyyən türkiyəli rəsmilərin aktivlərinin dondurulması və səyahət qadağalarının tətbiqini təklif etmişdi. Lakin sanksiyaların tətbiq olunması nəzərdə tutulan fərdi şəxslərin adları açıqlanmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR