Aİ-nin Ali Nümayəndəsinin Rusiyaya səfərinin tarixi müəyyənləşib

Aİ-nin Ali Nümayəndəsinin Rusiyaya səfərinin tarixi müəyyənləşib
# 29 yanvar 2021 15:31 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Rusiyaya səfərinin tarixi müəyyənləşib.

APA-nın xəbərinə görə, Aİ-nin Ali Nümayəndəsi fevralın 4-ü axşam Moskvaya yola düşəcək.

Səfəri çərçivəsində C. Borrell Rusiya xarici işlər naziri Sergey Lavrov və digər rusiyalı rəsmilərlə görüşlər keçirəcək. Onun Rusiya vətəndaş cəmiyyətinin nümayəndələri və Moskvada elmi cəmiyyətin təmsilçiləri ilə də görüşləri baş tutacaq.

Səfər fevralın 6-da başa çatacaq.

Aİ-nin Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib ki, görüşlərdə Ukraynada və həmçinin regiondakı vəziyyət, İranın nüvə razılaşmasının davam etdirilməsi, COVID-19 pandemiyasına qarşı qlobal cavab, iqlim dəyişikliyi və digər məsələlər müzakirə ediləcək.

Görüşlərdə həmçinin Rusiya müxalifət liderlərindən olan Aleksey Navalnının zəhərlənməsi və həbs olunması, Rusiyadakı fundamental azadlıqlar və insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlar ifadə olunacaq.

C. Borrell bildirib ki, Rusiya ilə münasibətlər Aİ-nin ən mürəkkəb münasibətlərindən biridir: “Mübahisəli məsələlərin xaricində Aİ ilə Rusiyanın əməkdaşlıq etdiyi və ya daha çox əməkdaşlıq etməsi lazım olan, ortaq diqqətimizi tələb edən sahələr də var”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Aİ-Rusiya münasibətlərinə dair strateji müzakirəsi mart ayına planlaşdırılıb.

Xatırladaq ki, bu, Aİ-nin Ali Nümayəndəsinin Rusiyaya 2017-ci ildən bəri ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR