Britaniya uyğurların təzyiqə məruz qalmasına görə Çinlə ticarət qaydalarını sərtləşdirir

Britaniya uyğurların təzyiqə məruz qalmasına görə Çinlə ticarət qaydalarını sərtləşdirir
# 12 yanvar 2021 18:27 (UTC +04:00)

Böyük Britaniya hökuməti Sincan Uyğur bölgəsində istehsal olunan malların tədarük zəncirinə girməsinin qarşısını almaq üçün şirkətlərə yeni qaydalar tətbiq edəcək.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab məcburi əməklə bağlı iddialara Londonun cavabının sərtləşdirilməsi ilə bağlı parlamentdə çıxışı zamanı bildirib.

D. Raab Sincan Uyğur bölgəsində müsəlman uyğurların məcburi əməyə cəlb olunması ilə bağlı dəhşətli dəlillərin olduğunu vurğulayıb.

Britaniyalı nazir qeyd edib ki, onun ölkəsi Sincan Uyğurla əlaqəsi olan məhsulları almamaqda qərarlıdır.

Nazir bir milyondan çox uyğurun xüsusi düşərgələrdə saxlanılması, onların məcburi əməyə cəlb olunması və uyğur qadınlarının zorla sonsuzlaşdırılması barədə geniş məlumat verib.

“Biz daha çox iş görməliyik və bunu edəcəyik”, - deyə o bildirib.

D. Raab deyib ki, Britaniya məhsulların mənbələrinə dair məlumatlar üçün daha ciddi qaydalar yaradacaq, Müasir Köləlik Qanununu sərtləşdirməklə və cərimələr əlavə etməklə satınalma qaydalarına riayət etməyən bütün şirkətləri dövlət müqavilələrindən kənarlaşdıra biləcək və Sincan Uyğurdan ixrac olunma ehtimalı olan məhsullarla bağlı araşdırma başladacaq: “Görüləcək addımları bir araya gətirən bu paket vasitəsilə heç bir Britaniya təşkilatı, dövlət və ya özəl sektor Sincanda uyğurlara və ya digər azlıqlara qarşı qəsdən və ya səhvən insan hüquqları pozuntularından qazanc əldə etməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR