Gürcüstanda məhkəmə "Vahid Milli Hərəkat"ın sədrinin həbsinə qərar verib

Gürcüstanda məhkəmə "Vahid Milli Hərəkat"ın sədrinin həbsinə qərar verib
  • Clock-gray 22:44
  • calendar-gray 17 Fevral 2021

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melia barəsində həbs-qətimkan tədbirinin görülməsi barədə qərar qəbul edib. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məhkəmə prokuror Mixeil Sadradzenin ödənilməmiş 70 min lari girov müqabilində əvəzetmə tədbiri olaraq N. Melianın həbs  edilməsi ilə bağlı iddiasını qəbul edib.

İclas müdafiə tərəfinin qaldırdığı vəsatət əsasında ölkə televiziyalarında canlı yayımlanıb. 6 saat davam edən iclasda N.Melia iştirak etməyib. 

Onun hazırda olduğu “Vahid Milli Hərəkat” partiyasının ofisinin ətrafına çox sayda tərəfdarı, həmçinin müxtəlif müxalif partiyaların liderləri toplanıb, ərazidə tonqalların qalanması üçün odun bağlamaları və dəmir çəlləklər gətirilib. Yerli media partiyanın ofisinin ətrafına çox sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunduğunu bildirir.  

Qeyd edək ki, ötən gün Gürcüstan parlamenti Baş Prokurorluğun müraciətinə əsasən müxalifət rəhbərinin toxunulmazlığını dayandırıb. Parlament üzvlərindən 88-i onun toxunulmazlığının götürülməsi dəstəkləyib.

Xatırladaq ki, 2019-cu ilin iyununda Tbilisidə “Qavrilov gecəsi” kimi tanınan polis-vətəndaş qarşıdurmasına təhrik etməklə ittiham edilərək saxlanılan N. Melia 30 min lari girov qarşılığında şərti azadlığa buraxılıb.  

Partiya rəhbəri ötən il noyabrın 20-də ictimai qaydada elektron qolbağını çıxarıb. Nəticədə onun girov məbləğinə 40 min lari əlavə edilib və məbləğin ödənilməsi üçün 5 fevral 2021-ci il tarixinədək 50 gün möhlət verib. 

N.Melia girovu ödəməkdən imtina edib və Baş prokuror onun toxunulmazlığının götürülməsi üçün parlamentə müraciət edib. N.Melia ötən ilin dekabrında sabiq prezident Mixeil Saakaşvilinin əsasını qoyduğu müxalif  "Vahid Milli Hərəkat” partiyasının sədri seçilib. Partiya ötən ilin oktyabrında keçirilən 10-cu çağırış parlament seçkilərində 150 parlament yerindən 36-nı  əldə etsə də, seçkilərin nəticələrini tanımadığını və mandatlarından imtina etdiyini bəyan edib.

 

Səid Babazadə

Digər xəbərlər