Parisdə "Qlobal təhlükəsizlik haqqında" Qanun layihəsi kütləvi etirazlara səbəb olub - VİDEO

Parisdə "Qlobal təhlükəsizlik haqqında" Qanun layihəsi kütləvi etirazlara səbəb olub - VİDEO
  • Clock-gray 22:11
  • calendar-gray 28 Noyabr 2020

Şənbə günü Parisdə “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinin qəbul edilməsinə qarşı keçirilən etiraz aksiyalarında 46 min etirazçı iştirak edib. Polis və jandarmların foto və videoçəkilişlərinin aparılmasının qadağan edilməsi ilə bağlı olan 24-cü maddənin qəbul edilməsinə qarşı çıxan etirazçılar bunu KİV-in azadlığının məhdudlaşıdırılması kimi qiymətləndirirlər.

APA xəbər verir ki, bu barədə BFMTV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Aksiya təxminən yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17.00) Respublika meydanından başlayıb.

Nümayişin başlamasından qısa müddət sonra iğtişaşlar baş verib. Aksiya artıq üçüncü saatdır davam edir. Polis qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etiraz aksiyaları zamanı polis 9 nəfəri saxlayıb.

Nümayişçilər arasında müxalifət partiyaları və həmkarlar ittifaqlarının təmsilçiləri, o cümlədən “Yenilməz Fransa” solçu hərəkatının rəhbəri, parlamentin deputatı Jan-Lyuk Melanşon, Fransa Sosialist Partiyasının birinci katibi Olivye For da var.

Bildirilir ki, “Qlobal təhlükəsizlik haqqında” Qanunun hüquq-mühafizə orqanlarının əməkdaşlarının foto və videoçəkilişləri ilə bağlı olan 24-cü maddəsi jurnalistlərin, siyasətçilərin və ictimaiyyətin tənqidinə səbəb olub. Bu bəndə əsasən, “milli polis, jandarma və ya bələdiyyə polisinə fiziki və ya psixoloji xarakterli zərər vurulması məqsədilə üzünün təsvirinin və ya tanınması üçün digər elementinin yayılması”na görə bir il həbs cəzası və 45 000 avro cərimə nəzərdə tutulur. 18 noyabrda parlamentin aşağı palatasında layihənin baxılmasına başlanılıb. Müzakirələr başladıqdan dərhal sonra ilk etirazlar baş qaldırıb.

Sərxan Kamallı

Digər xəbərlər