Vişeqrad Qrupu Aİ-yə Belarus xalqına dəstəklə bağlı təkliflər paketi təqdim edəcək

Vişeqrad Qrupu Aİ-yə Belarus xalqına dəstəklə bağlı təkliflər paketi təqdim edəcək
# 11 sentyabr 2020 19:57 (UTC +04:00)

Vişeqrad Qrupu (Macarıstan, Polşa, Slovakiya, Çexiya) ölkələri Aİ sammitində Belarus xalqına dəstəklə bağlı təkliflər paketi təqdim edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski qrupa üzv ölkələrin hökumət başçılarının Lublindəki görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.

"Belarus xalqına iqtisadi əməkdaşlıq layihəsi təklif etmək istəyirik", o bildirib.

Baş nazir qeyd edib ki, bu kiçik və orta şirkətlərə dəstək, enerji təhlükəsizliyi, informasiya və infrastruktur sektorlarındakı əməkdaşlığı əhatə edə bilər.

Enerji sahəsində əməkdaşlığı izah edən Polşanın hökumət başçısı: "Bu, Belarus cəmiyyətinin çox yaxşı inkişaf etdirdiyi sektorlarda rəqabətçi üstünlüklərindən istifadə etməyə davam etməsi üçün enerji təhlükəsizliyini yenidən qurulması ilə bağlı ola bilər", -deyə bildirib.

Belarus və Polşanın 418 km ortaq sərhədi olduğunu xatırladan Polşanın Baş naziri "biz Belarus vətəndaşları üçün vizasız səyahət təklif etmək istəyirik", - deyə əlavə edib.

"Bu paketi növbəti Aİ sammiti zamanı təqdim etmək istərdik".

Moravetskinin sözlərinə görə, Vişeqrad Qrupu Baş nazirləri Belarusdakı vəziyyətlə bağlı ortaq bir mövqedədirlər. "Biz bütün repressiyaları, nümayişçilərə və etirazçılara qarşı qəddar rəftarı qınayırıq. Siyasi məhbusların dərhal sərbəst buraxılmasına çağırırıq."

Macarıstan Baş naziri Viktor Orban da ölkəsinin Polşanın Belarusla bağlı mövqeyini tamamilə dəstəklədiyini söyləyib.

"Polşanın bu məsələyə yanaşmasını dəstəkləyirik. Baş nazir Moravetskinin Belarus üçün strateji plan təklif etməsindən məmnunuq. İnsan hüquqları və demokratiya vacibdir, amma strateji bir yanaşmaya ehtiyacımız var. Və Polşa bu istiqamətdə gedir", Viktor Orban bildirib.

"Polşa Belarus məsələsində aparıcı rol oynayır. Polşanın təklifi strateji bir yanaşmadır", Slovakiyanın Baş naziri İqor Matoviç deyib.

Qeyd edək ki, Aİ-nin sammiti sentyabrın 24-25-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR