Vyanada atışma nəticəsində iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb - YENİLƏNİB-2

Vyanada atışma nəticəsində iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb - YENİLƏNİB-2
# 03 noyabr 2020 10:13 (UTC +04:00)

Avstriyanın paytaxtı Vyanada atışma nəticəsində iki mülki şəxs həlak olub.

APA-nın məlumatına görə, bu barədə Vyananın meri Mixael Lüdviq ORF-2 telekanalının efirində bildirib.

Mer ölənlərdən birinin kişi, digərinin qadın olduğunu deyib.

Bundan əvvəl atışma nəticəsində 7 nəfərin ölməsi barədə xəbər yayılmışdı.

***

02.18

Avstriyanın paytaxtı Vyanada baş vermiş atışma nəticəsində azı 15 nəfər yaralanıb, onlardan yeddisinin xəsarətləri ağırdır.

APA xəbər verir ki, bu barədə yerli “ORF” telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.

“Ümumilikdə 15 nəfər yaralanıb, onlardan yeddisinin ciddi xəsarətləri var”, - deyə telekanalın əməkdaşı canlı yayımda bildirib.

Qeyd edək ki, bundan əvvəl yerli “OE24” telekanalı insident zamanı 7 nəfərin ölməsi barədə xəbər vermişdi.

***

Saat 00:38

Vyananın mərkəzində, sinaqoq yaxınlığında baş vermiş atışma nəticəsində yeddi nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “OE24” telekanalı polisə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, silahlı hücumda iştirak edənlərdən biri öldürülüb.

Bundan əvvəl “Kurier” qəzeti Vyananın mərkəzindəki hücum barədə məlumat vermiş və bir neçə dəfə atəş səsi eşidildiyini bildirmişdi. Polis bir neçə nəfərin yaralandığını təsdiqləsə də, onların sayı barədə məlumat verməyib.

“OE24 TV” kanalının verdiyi məlumata görə, ümumilikdə sinaqoqun yaxınlığındakı küçədə 50-yə yaxın atəş səsləri eşidilib. Cinayətkar şəxslər pulemyot silahdan atəş açıblar.

“Kronen Zeitung” qəzetinin yazdığına görə, silahlılardan biri partlayıcı qurğunu işə salıb. Daha bir neçə nəfərin qaçdığı güman olunur.

***

Saat 23:55

Avstriyanın paytaxtı Vyananın mərkəzində, sinaqoq yaxınlığında silahlı insident baş verib, nəticədə bir polis əməkdaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri məlumat yayıb.

İlkin məlumata görə, polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb. Vyana hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisənin səbəblərini müəyyənləşdirir.

Daha sonra bir neçə nəfərin yaralandığı, cinayətkar şəxsin isə özünü partlayıcı qurğu ilə partlatdığı məlum olub. Polis sakinləri ictimai yerlərdən və nəqliyyatdan uzaq durmağa çağırıb.

Avstriya DİN hadisənin terror aktı ola biləcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR