Ərdoğan BMT baş katibi ilə suriyalı qaçqınlara yardım məsələsini müzakirə edəcək

Ərdoğan BMT baş katibi ilə suriyalı qaçqınlara yardım məsələsini müzakirə edəcək
# 01 noyabr 2019 00:20 (UTC +04:00)

“Silahlanmaya xərclənən pulların sadəcə bir qismini sərf etməklə dünyada aclıq və təmiz içməli su problemini bütövlükdə həll etmək mükündür. Biz insanların və cəmiyyətlərin daha ədalətli bir gələcəyə ümidlərini doğrultmaq üçün tədbirlər görməliyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Tibb Dünyası Qurultayında bu fikirləri bildirib.

Prezident deyib ki, dünyada insanların sağlamlıq problemləri elm adamlarından öncə siyasətçilərin fəaliyyət sahəsinə daxildir. Amma siyasətşilər də elm adamlarının əsaslı biliyinə, sağlam düşüncəsinə əsaslanmalıdır: “Türkiyə həm öz ərazisi daxilində, həm də xaricdə hər zaman “öncə insan” prinsipini rəhbər tutan ölkədir. Ölkəmizdə əsası suriyalılar olmaq üzrə 4 milyon didərgin insana sığınacaq verilib. Qurduğumuz sistem sayəsində bu insanlar da türk vətəndaşlarımızla eyni hüquqla səhiyyə xidmətindən yararlanır. Tarximiz və mədəniyyətimizdən irəli gələn bu missiyamız hər zaman davam edəcək. Hazırda Avropa İttifaqı başda olmaq üzrə bizim qeyri-hökumət təşkilatlarımıza gələn dəstək cəmi 3 milyard avrodur və bu məbləğ bizim milli büdcəmizə daxil deyil. Amma bizim qaçqınlara dəstək üçün yatırdığımız sərmayə 40 milyard dolları aşıb”.

R.T.Ərdoğan Suriya böhranı boyunca Türkiyənin hər addımda yalnız buraxıldığını təəssüflə bildirib. Qeyd edib ki, “Barış bulağı” əməliyyatı çərçivəsində suriyalılara rahat yaşaya biləcəkləri ərazilər qazanılıb: “Planlarımızı hazırladıq, tədbirlərimizi gördük və bunları Birləşmiş Millətlər Təşkilatına zamanla təqdim etdik. Tanış olub dəstəkləyirlər, amma maddi vəsait ayırmağa gəlincə, susurlar”.

Sabah BMT-nin baş katibi ilə görüşəcəyini deyən prezident bu mövzunu ona bir daha xatırladacağını da qeyd edib: “Baş katib qonağım olacaq. Ona bu layihələri təqdim edəcəm. Deyəcəm ki, beynəlxalq donorlar toplantısı çağırışını da BMT etsin. BMT bundan imtina etsə, biz etmək məcburiyyətindəyik. Lazım gələrsə, Ras əl-Aynla Tel-Abyad arasında qaçqınlar şəhərini biz qura bilərik. Təəssüf ki, suriyalı qaçqınların qarşısına tikanlı məftil çəkib ölkəsinə buraxmayanlar, hazırda bu didərgin insanların vətən həsrətinə son qoyulmasına belə mane olurlar. Biz isə Türkiyə olaraq sərhədlərimiz xaricindəki 3 milyon nəfərə də həyatlarını davam etdirmək üçün dəstək olacağıq. Kimin nə dediyinə, nə etdiyinə baxmayaraq, biz bu xidmətlərlə məzlumların ümid yeri olmaqda davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR