Ərdoğan: "Türkiyə və Fransa beynəlxalq təhlükəsizliyə birgə töhfə verə bilər"

Ərdoğan: "Türkiyə və Fransa beynəlxalq təhlükəsizliyə birgə töhfə verə bilər"
  • Clock-gray 04:38
  • calendar-gray 03 Mart 2021

Türkiyə və Fransa Avropadan Qafqaza, Yaxın Şərqə və Afrikaya qədər uzanan geniş bir ərazidə təhlükəsizlik, sabitlik və sülhün təmin edilməsi səylərinə əhəmiyyətli bir töhfə verə bilərlər.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla videokonfrans formatda baş tutan görüşündə bildirib.

Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

“İki güclü NATO müttəfiqi olaraq, Avropadan Qafqaza, Yaxın Şərqə və Afrikaya qədər uzanan geniş bir ərazidə təhlükəsizlik, sabitlik və sülhü təmin etmək səylərinə əhəmiyyətli töhfə verə bilərik. Ölkələrimizi və vətəndaşlarımızın təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı birgə mübarizə apara bilərik. Türkiyə ilə Fransanın bütün bu məsələlərdə həmrəylik içində hərəkət etməsini istəyirik”, - Ərdoğan belə deyib.

Türkiyə Prezidenti bu il Ankara Sazişinin (Fransa ilə Türkiyə arasında 20 oktyabr 1921-ci ildə bağlanmış diplomatik razılaşma - red.) imzalanmasının 100 illiyini qeyd etdiyini xatırladıb. Türkiyə və Fransa liderləri arasındakı dialoqun hər zaman əhəmiyyətli bir rol oynadığını da sözlərinə əlavə edib.

Prezident Ərdoğan, COVID-19-un Fransada yayılmasına qarşı mübarizəni yaxından izlədiyini də qeyd edib və epidemiya nəticəsində ölkə vətəndaşlarının ölümü ilə əlaqədar başsağlığı verib. Bundan başqa, Türkiyə lideri ölkədə karantin məhdudiyyətlərini azaltmaq üçün görülən tədbirlərdən bəhs edib və təxminən 10 milyon Türkiyə vətəndaşının peyvənd olunduğunu bildirib.

apa-logo-mini

Digər xəbərlər