Ukrayna nümayəndə heyəti AŞPA-nın yay sessiyasını tərk edə bilər

Ukrayna nümayəndə heyəti AŞPA-nın yay sessiyasını tərk edə bilər
  • Clock-gray 14:38
  • calendar-gray 25 İyun 2019

Rusiya nümayəndə heyəti AŞPA-ya qayıdacağı təqdirdə Ukrayna nümayəndə heyəti yay sessiyasında iştirakı dayandıra bilər.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna parlamentinin Avropaya İnteqrasiya komitəsinin sədri Mariya İonova deyib.

O bildirib ki, nümayəndə heyəti bununla bağlı qərar verəcək. "Biz özümüzü ruslarla bir zalda görmək istəmirik. Biz AŞPA-nın yay sessiyasında iştirakımızı dayandıracağıq və ümumiyyətlə geri dönüb-dönməyəcəyimizi də bilmirəm. Onlar baş katibi Ukrayna olmadan seçməli olacaqlar”,- deyə parlament üzvü qeyd edib.

Bu gün AŞPA-nın yay sessiyasının ikinci günündə Rusiyanın üçillik fasilədən sonra quruma qayıtması ilə bağlı müzakirələr zamanı Ukrayna nümayəndə heyəti etiraz əlaməti olaraq zalı tərk edib.

Ukrayna ilə yanaşı Gürcüstan və Baltik regionu ölkələrinin nümayəndə heyətlərinin üzvləri də zaldan çıxıblar.

Ukrayna prezidenti Vladimir Zelenski də AŞPA-da gedən müzakirələrdən məyusluq duyduğunu bildirib. "Ötən həftə Fransa prezidenti və Almaniya kansleri ilə Rusiya nümayəndə heyətinin AŞPA-ya qurumun fundamental tələblərinə əməl edəcəyi halda qayıda biləcəyini müzakirə etdik. Çox təəssüf ki, avropalı tərəfdaşlarımız bizə qulaq asmadılar və fərqli hərəkət etdilər",-deyə o "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, bu ilin mayında Avropa Şurası Nazirlər Komitəsi bütün üzv ölkələrin komitənin iclasında və AŞPA-da bərabərhüquqlu iştirakının təmin olunmasının vacibliyinə dair bəyanat verib. İyunda isə AŞPA-nın reqlament üzrə komitəsi Rusiya nümayəndə heyətinə iyun sessiyasında iştirak hüququnun tanınmasına dair qətnamə layihəsi qəbul edib. Qətnamə layihəsi iyunun 24-də başlamış və ayın 28-ə kimi davam edəcək AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılıb. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date