AŞ PA Ermənistanı səsvermə hüququndan məhrum etməyib

AŞ PA Ermənistanı səsvermə hüququndan məhrum etməyib
# 27 yanvar 2009 12:52 (UTC +04:00)
APA-nın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, AŞ PA-nın qış sessiyası çərçivəsində bu gün keçirilən toplantıda Ermənistanla bağlı qətnamə səsverməyə çıxarılıb. AŞ PA üzvlərindən 141 deputat qətnamənin lehinə, 3 deputat əleyhinə səs verib, 5 deputat isə bitərəf qalıb. İlkin qətnamə layihəsində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi nəzərdə tutulsa da, AŞ PA Monitorinq Komitəsi qətnaməyə dəyişik edib. Dəyişikliyə əsasən Ermənistan AŞ PA-da səsvermə hüququndan məhrum edilmir, lakin ölkədə demokratikləşmə prosesində ciddi irəliləyişlər olmasa, qurum aprel sessiyasında bu məsələyə yenidən qayıtmaq hüququnu özündə saxlayır.

Bu gün qəbul olunan qətnamədə Ermənistanda prezident seçkilərindən sonra etiraz aksiyalarında iştirak edən şəxslərin azadlıqdan məhrum edilməsindən narahatlıq ifadə olunur. AŞ PA həmin şəxslərin siyasi motivlərlə həbs olunduğunu bəyan edib. Qurum həmçinin Ermənistan prezidentinin AŞ insan hüquqları komissarının təklifini nəzərə alaraq 1-2 mart hadisələrini təhqiq etmək üçün ekspertlər qrupu yaradılmasına sərəncam verməsini müsbət qiymətləndirib. Lakin sənəddə qeyd olunur ki, bu qrupun fəaliyyətinin ictimaiyyətdən gizli saxlanması görülən işlərə xalqın inamını azaldır. AŞ PA bütün siyasi qüvvələri ekspertlər qrupunun işini siyasiləşdirməkdən çəkinməyə, hakimiyyəti isə bütün dövlət orqanlarının təhqiqat qrupu ilə əməkdaşlıq etməsi üçün şərait yaratmağa çağırıb. Qurum həmçinin 1-2 mart hadisələri zamanı həbs olunan şəxslərin dərhal azadlığa buraxılması ilə bağlı AŞ PA-nın çağırışlarına məhəl qoyulmamasından təəssüfləndiyini də bildirib. Sənəddə bildirilir ki, həmin hadisələr zamanı həbs olunan şəxslərlə bağlı aparılan istintaq əsasən polislərin ifadələrinə əsaslanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR