Türkiyənin baş naziri 60 milyon dollara yeni təyyarə alıb

Türkiyənin baş naziri 60 milyon dollara yeni təyyarə alıb
# 11 aprel 2009 09:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın aldığı yeni “Golfstream 550” tipli təyyarə İstanbula gətirilib. APA-nın İHA-ya istinadən verdiyi məlumata görə, yeni təyyarənin maksimum uçuş mənzili 12 min 500 km-dir. Yəni təyyarə Türkiyədə havaya qalxdıqdan sonra yanacaq doldurmadan və dayanmadan birbaşa Amerikaya uça bilir. Xüsusi sifariş əsasında ABŞ-ın “Savannah Georgia” istehsal təsislərində hazırlanan və testdən keçirilən təyyarə hazırda İstanbulun Atatürk Hava Limanındadır. Qeydiyyatı “TC DAP” (Şərq Anadolu Proyekti) olan təyyarə sertifikat aldıqdan sonra Ankaraya göndəriləcək.

18 oturacağı olan təyyarənin arxa hissəsi iclas salonu vəziyyətinə gətirilə bilir. Uzunmüddətli uçuşlarda isə oturacaqları 180 dərəcə yatırtmaq mümkündür. Təyyarədə “EVS” adlandırılan xüsusi görmə sistemi var. Pilotlar gecə, yaxud dumanlı və ya buzlu havalarda da problemsiz olaraq eniş edə bilirlər. Pilotlar, uçuş məlumatlarını “HUD” adlanan ekrandan izləyirlər. Buna oxşar sistem “F-16” tipli döyüş təyyarələrində də var.

Təyyarənin digər texniki xüsusiyyətlərinə, həmçinin bunlar da daxildir: seyr yüksəkliyi - 15 min 545 metr, ağırlığı - 41 min 277 kq, yolçu tutumu - 14 - 18 arasında dəyişir, gövdəsinin uzunluğu - 29.4 metr, hündürlüyü - 7.9 metr, qanadlarının uzunluğu 28.5 metr, kabinənin uzunluğu - 15.3 metr, hündürlüyü - 1.88 metr, eni - 2.24 metr.

Baş nazirin təyyarəsinin dizayn ediləcək əlavə sistemlər də daxil olmaqla, 60 milyon dollara başa gəldiyi bildirilir. Ərdoğan bu təyyarədən yalnız xarici səfərlərdə istifadə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR