“Ergenekon”la bağlı 12-ci həbs dalğasının əsas hədəfi olan professor Mehmet Haberal kimdir?

“Ergenekon”la bağlı 12-ci həbs dalğasının əsas hədəfi olan professor Mehmet Haberal kimdir?
# 13 aprel 2009 14:16 (UTC +04:00)
Ankara – APA. Terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı 12-ci həbs dalğasının əsas hədəfinə çevrilən professor Mehmet Haberal Türkiyənin dünya miqyasında tanınmış ən məşhur tibb mütəxəssislərindən biridir. APA-nın xəbərinə görə, 1944-cü il təvəllüdlü M. Haberal 1967-ci ildə Ankara Universitetinin tibb fakültəsini bitirib və ümumi cərrahiyyə sahəsi üzrə fəaliyyətə başlayıb. ABŞ-ın Texas ştatındakı “Shriner’s” Yanıq İnstitutunda və “John Seally” Xəstəxanasında, Kolorado Universitetinin tibb fakültəsinin transplantasiya mərkəzində çalışıb. Ankaranın Hacəttəpə Universitetinin Yanıq Xəstəlikləri və Transplantasiya şöbəsini yaradıb. 1975-ci ildə Türkiyədə ilk dəfə valideyndən övladına (anadan 12 yaşlı qızına) böyrək transplantasiyasını, 1978-ci ildə Türkiyədə ilk dəfə ölüdən götürülmüş böyrəyin xəstəyə köçürülməsini həyata keçirib. 1979-cu ildə “Orqanizmdən orqanların və hüceyrələrin götürülməsi, saxlanması, peyvəndlənməsi və köçürülməsi haqqında” qanun layihəsi hazırlayaraq parlamentdə qəbul olunmasını təmin edib. 1980-ci ildə Türkiyə Orqan Transplantasiyası və Yanıq Xəstəliklərinin Müalicəsi Mərkəzini qurub, 1982-ci ildə bu qurumda Hemodializ Mərkəzi açıb. 1988-ci ildə Türkiyə, Orta Şərq və Şimali Afrikada ilk dəfə ölüdən götürülmüş qaraciyərin xəstəyə transplantasiyasını, 1990-cı ildə yenə eyni regionlar üzrə ilk dəfə əvvəlcə uşaqlarda seqmental qaraciyər transplantasiyasını, sonra isə dünyada ilk dəfə olaraq böyüklərdə seqmental qaraciyər transplantasiyasını gerçəkləşdirib. 1992-ci ildə dünyada ilk dəfə eyni anda həm böyrək, həm də seqmental qaraciyər transplantasiyasını həyata keçirib. 1999-cu ildə Orta Şərq Yanıq Xəstəlikləri və Yanğın Fəlakətləri Dərnəyini qurub. Beynəlxalq Yanıq Xəstəlikləri Dərnəyinin 2006-cı ildə Braziliyada keçirilən konqresində bu qurumun sədri seçilib. Nyu-York Elmlər Akademiyasının üzvüdür. Türkiyənin sabiq baş naziri, mərhum Bülənt Ecevitin həkimi olub.
Bu gün səhər Ankarada həbs olunan Mehmet Haberal təyyarə ilə İstanbula göndərilib. Təyyarə havaya qalxmazdan əvvəl Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl hava limanına gedərək M. Haberalla görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR