Dəniz Baykal: ““Ergenekon” əməliyyatı AKP-nin çevriliş cəhdidir”

Dəniz Baykal: ““Ergenekon” əməliyyatı AKP-nin çevriliş cəhdidir”
# 14 aprel 2009 14:35 (UTC +04:00)
Ankara – APA. “Bu həbslər heç şübhəsiz ki, bir çevriliş cəhdidir. Çevriliş təkcə tankla, topla, silahla edilməz. Çevriliş bu gün gördüyümüz şəkildə də olur. Hazırda Türkiyə bu çevrilişi müşahidə edir”. APA-nın xəbərinə görə, bu sözləri Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal Türkiyədə “Ergenekon”la bağlı 12-ci həbs dalğasına münasibət bildirərkən deyib. D. Baykal məhkəmənin “Ergenekon terror təşkilatı” ifadəsindən istifadə olunmasına qadağa qoyduğunu, amma buna məhəl qoyulmadığını söyləyib: “Nədir bu Ergenekon? Necə qurulub, kimlər qurub? Baş Qərargah rəisindən soruşurlar ki, belə bir təşkilatdan xəbəriniz varmı? Deyir, belə bir şey eşitməmişəm. Dünyada heç bir hüquqşünas bu cür ittihamnamə görməyib. Bir-birini tanımayan insanlar terror təşkilatının rəhbərliyi kimi təqdim olunur. Belə qarışıqlıq olarmı?”

D. Baykal Türkiyədə minlərlə insanın ölümünə səbəb olmuş PKK terror təşkilatının lideri Abdulla Öcalanla bağlı istintaq və məhkəmə prosesinin 1 ildən az bir müddətdə yekunlaşdığını, “Ergenekon”la bağlı istintaq və həbslərin isə ilyarımdır davam etdiyini bildirib: “Bir yandan həbslər, bir yandan məhkəmə davam edir, digər yandan ittihamnamə hazırlanır. Başı-sonu bəlli deyil. “Ergenekon” qorxu simvolu halına gətirilir”.

D. Baykal Türkiyənin görkəmli elm adamları - Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin sədri, professor Türkan Saylanın evində axtarış aparılmasını, Başkənd Universitetinin sahibi və rektoru, professor Mehmet Haberal və digər professorların həbsini biabırçılıq adlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR