Avropa İttifaqı Moldovaya hərbi dəstəyini gücləndirəcək

Şarl Mişel, Maya Sandu

© APA | Şarl Mişel, Maya Sandu

# 04 may 2022 12:29 (UTC +04:00)

“Rusiyanın Ukraynada apardığı əsassız müharibənin qlobal nəticələri var”.

APA xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel Kişinyovda Moldova Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu müharibə beynəlxalq hüquq və prinsipləri kobud şəkildə pozub, qaçqın böhranına səbəb olub, ərzaq və enerji qiymətlərinə ciddi təsir edib.

Şarl Mişel deyib ki, Ukrayna ilə həmsərhəd olan Moldova da bu müharibədən təsirlənir.

“Aİ Moldovanın yanındadır, sizi dəstəkləmək, sizin stabilliyinizi, ərazi bütövlüyünüzü, iqtisadi inkişafınızı dəstəkləmək bizim vəzifəmizdir. Aİ Moldovanın dayanıqlılığını gücləndirmək üçün hərtərəfli dəstək verir”, - Şarl Mişel vurğulayıb.

Prezident Mişel qeyd edib ki, Aİ Moldovaya təhlükəsizlik, müdafiə sahəsində də yardım edir: “Bu il Moldovaya hərbi ləvazimatların verilməsini gücləndirəcəyik. Logistika və kibertəhlükəsizlik sahəsində artıq addımlar atılır və digər sahələrlə bağlı da qərarlar verilir, mən detalları açıqlamaq istəmirəm”.

Moldovanın Aİ-yə üzvlüklə bağlı müraciətinə toxunan Şarl Mişel əlavə edib ki, bu mürəkkəb prosesdir, üzv dövlətlər bunu dəstəkləməli, daha sonra Aİ institutları bu barədə qərar verməlidir və ən əsası üzv olmaq istəyən ölkə şərtlərə cavab verməlidir.

“Biz Aİ olaraq Moldovanın seçdiyi yolu, islahatları dəstəkləməyə davam edəcəyik. Ölkənin üzv olması üçün lazım olan şərtləri ödəməsi istiqamətində dəstək verəcəyik”, - Şarl Mişel deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR