Çavuşoğlu: Türkiyə NATO-nun genişlənməsinin əleyhinə deyil

Çavuşoğlu: Türkiyə NATO-nun genişlənməsinin əleyhinə deyil
# 30 yanvar 2023 12:25 (UTC +04:00)

"NATO-ya üzvlük prosesində İsveç və Finlandiyanı fərqləndirmək ədalətli olardı".

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Başlanğıcdan Finlandiya ilə daha az problemimizin olduğunu vurğulamışıq. Lakin iki ölkə və NATO-ya üzvlük prosesinin eyni zamanda davam etdirilməsini istəyib. Finlandiya tərəfindən müsbət açıqlamalar gəldi. Hərbi sənaye ilə bağlı ixracata daha əvvəl tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırıldığını gördük, ancaq eyni zamanda, İsveçdəki kimi təxribatlar burada baş vermədi. Təbii ki, orada da Finlandiyanın üzvlüyünə mane olmaq istəyənlər var və bunlar təkcə PKK/YPG tərəfdarları deyil, onların bəzi siyasətçiləri də bunu istəmir, amma biz təxribatlar görmədik", - Çavuşoğlu vurğulayıb.

Türkiyə XİN başçısı bildirib ki, onun ölkəsi NATO-nun genişlənməsinə qarşı deyil: "Hər zaman bunu vurğulamışıq, hətta bəziləri buna qarşı çıxıb. Bizim Finlandiya və İsveçlə problemimiz yoxdur, onların təhlükəsizliklə bağlı narahatlığını anlayırıq. NATO-nun da gündəmində iki məqam var, birincisi Rusiya və bu ölkələr Rusiyadan təhlükə hiss edir, ancaq eyni zamanda, digər məsələ terrorizmdir ki, Türkiyə də bundan narahatlıq duyur".

Çavuşoğlu bildirib ki, İsveçdə ölkə qanunvericiliyində dəyişikliklər edilsə də, konkret olaraq prosesi əngəlləmək istəyən qrupların sayəsində geri addımlar atılır.

“PKK/YPG-yə maliyyə dəstəyinin, terror təbliğatının qarşısı alınmalı idi, ancaq bunun qarşısını ala bilmirlər. Hər gün təxribatlar törədilir. Düşünürəm ki, problemli və daha az problemli ölkələri fərqləndirmək daha ədalətli olar. NATO və bu ölkələr də belə qərar alarsa, bu prosesi ayrı-ayrı dəyərləndirə biləcəyimizi düşünürük. Finlandiya məsələsində daha fərqli dəyərləndirmə edə bilərik, ancaq bunun üçün onlar qərar verməlidir. Məqsədimiz bu iki ölkə arasında ayrım etmək, NATO içində parçalanma və ya boşluq yaratmaq deyil. Bu tam olaraq narahatlığımızın qarşılanması ilə bağlıdır”, - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR